Rusiya həftələrdir gərgin qarşıdurmanın yaşandığı Mariupolun bütün yaşayış məntəqələrini nəzarətə götürdüyünü açıqlayıb. Əgər Rusiyanın açıqlaması təsdiqlənərsə, bu Moskvanın müharibədə indiyədək əldə etdiyi ən böyük uğur olacaq.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Mariupolun bütün yaşayış məntəqələrinin Ukrayna qüvvələrindən təmizləndiyini bildirib. O, Azovstal polad zavodunda az sayda ukraynalı əsgərin mühasirəyə alındığını bildirib.
Ukraynanın Azov dənizinin sahilində yerləşən Mariupol şəhəri qarşıdurmalarda ciddi dağıntılara məruz qalıb.
Mariupol 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krımla Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan şərqi Ukrayna bölgələri arasında körpü rolunu oynayır. Şəhərin Rusiyanın nəzarətinə keçməsi ilə Krım və Donbas arasındakı quru dəhlizinin də təhlükəsizliyi təmin ediləcək.
Digər tərəfdən Rusiyanın Odessaya doğru irəliləməsi üçün də mühüm addım atılmış oldu.
Rusiya Lvov vilayətinə də hücumlarını davam etdirir. Belarusdan havaya qalxan Rusiyaya məxsus SU-35 təyyarəsi Lvova raket zərbələri endirib.
Tahir TAĞIYEV