Çexiya xarici işlər naziri Rusiyadan təhdid kimi xəbərdarlıqlar aldıqlarını açıqlayıb.
Nazir Yan Lipavski sovet mənşəli silahların Rusiyanın razılığı olmadan üçüncü ölkələrə verilə bilməyəcəyinə dair Moskvadan diplomatik nota aldıqlarını deyib: “Xarici İşlər Nazirliyi olaraq biz buna reaksiya vermədik, çünki bunun əsl boşboğazlıq olduğunu düşünürük. Bağlanmış müqavilələrdə hərbi texnikanın reeksport bəndi yoxdur. Bu, Rusiyanın Ukraynaya dəstəyimizin kəsilməsini tələb etməsinin başqa bir yoludur”.
Xatırladaq ki, Çexiya Rusiyanın hücumlarına məruz qalan Ukraynaya dəstək məqsədilə ordu inventarında olan və istifadə olunmayan çoxlu sayda Sovet istehsalı olan T-72 tipli tanklar və BVP-1 tipli zirehli texnika göndərmək qərarına gəlib. Çexiya bununla Ukraynaya tank dəstəyi verən ilk ölkə oldu. Çexiya indiyədək Ukraynaya 60 milyon avro dəyərində ağır silahlar verib.
Tahir TAĞIYEV