Müharibə zamanı 9-u yüksək rütbəli zabit olmaqla ağır itkilər verən, gizli hərbi planları ABŞ və İngiltərə kəşfiyyatı tərəfindən ələ keçirilən Putinin bir müddət əvvəl yaxın çevrəsində ifritə ovuna başladığı barədə xəbərlər yayılmışdı.
Yayılan ən son məlumatlara görə, Federal Təhlükəsizlik Xidmətinin (FSB) Xarici Kəşfiyyat İdarəsinin rəisi Sergey Beseda həbs edilib.
İngiltərənin “The Telegraph” qəzetinin iddiasına görə Sergey Beseda Moskvadakı Lefortovo həbsxanasına göndərilib.
Besedanın həbsxanaya göndərildiyi iddiası, Rusiya tərəfindən təsdiqlənməyib.
13 ildir kritik bir vəzifədə oturan Beseda ilk olaraq ev dustaqlığına atılıb. “The Telegraph”a görə, Besada, ev dustaqlığına buraxıldıqdan sonra ona qarşı mənimsəmə və “dövlətə xəyanət” maddələri ilə ittiham irəli sürülüb.
FSB daxili təhlükəsizlik qurumu olsa da, Besedanın rəhbərlik etdiyi şöbə, Rusiyanın maraqlarını qorumaq adı ilə xarici əməliyyatları idarə edirdi. Beseda və onun yaxın həmkarları, Ukraynadakı real vəziyyəti çatdırmadığı üçün Putinin qəzəbinə tuş gəldiyi bildirilir.
Tahir TAĞIYEV