Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi göndərib. Bu barədə xəbərləri təsdiqləyən Slovakiyanın baş naziri Eduard Heqer deyib ki, Ukrayna xalqı həm öz ölkəsinin suverenliyini, həm də bizi cəsarətlə müdafiə edir: “Rusiyanın hücumları altında insanların itkisinə biganə qalmamaq və kömək etmək bizim borcumuzdur".
Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov isə, Slovakiyanın Ukraynaya verdiyi S-300 hava hücumundan müdafiə sistemini şəxsi heyətlə birlikdə dənizdən atılan “Kalibr” yüksək dəqiqlikli raketlərlə vurduqlarını açıqlayıb.
Ukraynada hədəflərə qarşı yüksək dəqiqlikli silahlardan istifadə edildiyini bildirən Konaşenkov deyib: “Dənizdən atılan "Kalibr" yüksək dəqiqlikli raketlərlə Dnepr bölgəsinin cənubunda bir Avropa ölkəsi tərəfindən Kiyev rejiminə təhvil verilən, anqarda gizlədilmiş S-300 hava hücumundan müdafiə raket sistemi batalyonu məhv edilib”.
Onun sözlərinə görə, S-300 buraxılış qurğusu və Ukrayna silahlı qüvvələrinin 25-ə yaxın şəxsi heyəti vurulub.
Rusiya S-300 sistemlərini hansı Avropa ölkəsinin tədarük etdiyini açıqlamayıb. Lakin həmin ölkənin Slovakiya olduğunu təxmin etmək o qədər də çətin deyil. Çünki açıq mənbələrdə Slovakiyadan başqa Ukraynaya S-300 verən başqa bir ölkənin olması barədə məlumat yoxdur.
Slovakiya hökuməti isə “S-300-lərimiz məhv edilməyib” deyir.
Tahir TAĞIYEV