Kreml ABŞ-ın keçmiş Prezidenti Billi Klintonun Rusiyaya NATO-ya üzv olmağı təklif etməsi ilə bağlı fikirlərinə münasibət bildirib.
“Report” TASS-a istinadən bildirir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bununla bağlı sualı cavablandırıb.
O deyib ki, ABŞ rəsmiləri dəfələrlə Rusiyanın NATO-ya üzvlüyünün mümkün olmadığını açıqlayıblar.
“Məndə belə məlumat yoxdur. Amma dəqiq bilirəm ki, Amerika tərəfi dəfələrlə belə bir üzvlüyün mümkün olmadığını bildirib. Faktiki olaraq deyilirdi ki, qapılar bağlanıb. Çünki bu, prinsipial olaraq mümkün deyil”, - D.Peskov söyləyib.
Kreml rəsmisi vurğulayıb ki, Finlandiya və İsveçin NATO-ya üzvlüyü Avropaya əlavə təhlükəsizlik gətirməyəcək.
Qeyd edək ki, ABŞ-ın 42-ci Prezidenti Bill Klinton (1993- 2001-ci illər) Rusiyanın keçmiş Prezidenti Boris Yeltseni və hazırkı dövlət başçısı Vladimir Putinə bir neçə dəfə Alyansa üzv olmağı təklif etdiyini bildirib.