Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda Kremlin sözçüsü Peskovdan etiraf gəlib. Peskov Sky News telekanalına müsahibəsində bildirib ki, Rusiya Ukraynaya hücumda xeyli sayda əsgər itirib. Lakin rus qoşunlarının dinc sakinləri öldürdüyünü təkzib edib.
Küçələrdə mülki cəsədləri göstərən peyk görüntülərinin və fotoşəkillərin “saxta” olduğunu iddia edən Peskov, “Buça küçələrində cəsədlərin vəhşiliyi ilə Rusiya ordusunun əlaqəsini rədd edirik” deyib.
Fevralın 24-də müharibə başlayandan bəri nə qədər mülki vətəndaşın öldüyü ilə bağlı suala Peskov cavab vermək istəmədiyini, çünki rəqəmləri "təsdiq edə bilmədiklərini" deyib.
Neçə rus əsgərinin öldürüldüyü ilə bağlı suala isə Peskov dəqiq rəqəm verməyərək, "Ciddi əsgər itkisi verdik və bu, bizim üçün böyük faciədir" deyib.
Kremlin müharibənin bitdiyini görmək istədiyini qeyd edən Peskov, rus ordusunun hərbi əməliyyatı bitirmək üçün əlindən gələni etdiyini bildirib.
Kremlin sözçüsü bu əməliyyatın yaxın günlərdə və ya yaxın gələcəkdə öz məqsədlərinə çatacağına və ya müharibənin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlarla yekunlaşacağına ümid etdiyini deyib.
NATO-nun əsas məqsədinin Rusiya ilə qarşıdurma olduğunu vurğulayan Peskov NATO-nun hazırda işğala görə daha güclü olduğunu bildirib. "Biz vəziyyəti yenidən balanslaşdırmalıyıq və öz təhlükəsizliyimizi təmin etmək üçün əlavə tədbirlər görməliyik. Çünki biz inanırıq ki, NATO dinc alyans deyil, münaqişə maşınıdır", - Peskov bildirib.
Peskov qeyd edib ki, Finlandiya və İsveç NATO-ya qoşulsa, Rusiya təhlükəsizliyini təmin etmək üçün Qərb cinahını daha təkmilləşdirməli olacaq.
Rusiya prezidenti Vladimir Putinin hərbi cinayətlərə görə mühakimə olunması çağırışları ilə bağlı suala isə Peskov, "Biz bunu real görmürük" deyib.
Qeyd edək ki, Ukrayna Rusiyanın 18 mindən çox əsgərini itirdiyini iddia edir.
Tahir TAĞIYEV