Rusiya ordusu Ukraynanın Kiyev və Çerniqov vilayətlərindən tamamilə geri çəkilib və bunu ABŞ Müdafiə Nazirliyi də təsdiqləyib.
Bölgədən çəkilər qüvvələrin Ukraynanın cənub-şərqinə göndəriləcəyi bildirilir. Amerikanın Associated Press (AP) agentliyi Ukraynaya istinadən Rusiya ordusunun Donbas bölgəsində yeni müharibəyə hazırlaşdığını yazıb.
Ukrayna hakimiyyəti bölgədəki dinc sakinlərdən yeni müharibənin ayaq səsləri eşidildiyi üçün Donbası və Luqanskı “təcili olaraq” tərk etməyə çağırıb. “The Wall Street Journal” qəzeti yazır ki, sözügedən xəbərdarlıq ölkənin ikinci böyük şəhəri Xarkovun bəzi bölgələrini də əhatə edir.
Ukrayna Silahlı Qüvvələri bildirir ki, Donbasda yenidən birləşən rus qoşunları hücum üçün kəşfiyyat işləri aparır. Hücuma mümkün qədər tez başlamaq üçün Rusiya əsgərlərini və silahlarını qatarlarla bölgəyə daşıyır. Qeyd edilir ki, Rusiya-Ukrayna sərhədindəki Belqorod vilayətinin Valuyki stansiyasına silah və digər texnikalarla dolu qatarlar gəlib.
Ukrayna prezidenti Zelenskinin müşaviri isə bildirib ki, hazırda Luqansk vilayətinin cənubunda amansız döyüşlər gedir və Rusiya döyüş təyyarələri bölgəyə yönəlib. O, həmçinin bildirib ki, Rusiya işğalçı qoşunları İzyum şəhərinin cənubuna hücum edib.
Digər tərəfdən, Rusiya ordusu Azov dənizi sahilində Mariupolu tamamilə ələ keçirməyə çalışmaqla yanaşı Ukraynanın ikinci böyük şəhəri Xarkova da artilleriya hücumlarını davam etdirir. Ukrayna qüvvələri isə cənubda Xerson yaxınlığındakı Osokorivkanı geri almağa çalışır.
Tahir TAĞIYEV