Rusiyanın Ukraynaya müdaxiləsi ABŞ istehsalı olan silahlara tələbatı yenidən artırıb. Avropa hökumətləri Amerika hökumətinə və müdafiə sahəsində fəaliyyət göstərən şirkətlərə pilotsuz təyyarələr, raketlər və raketdən müdafiə sistemlərinin yer aldığı silah alış-verişi üçün büyük siyahı təqdim ediblər.
Məlumatlı mənbələrə görə, “Lockheed Martin” şirkəti ilə 35 ədəd F-35 döyüş təyyarəsi üçün müqavilə imzalamağa hazırlaşan Almaniya, ballistik raketlərə qarşı müdafiə sistemləri ilə bağlı da məlumat istəyib.
Bu arada, Polşa hökumət rəsmisi bu həftə Varşavanın təcili olaraq ABŞ-dan qabaqcıl silahsız dron “Reaper” sistemləri almağa çalışdığını söyləyib.
Bundan başqa, Polşanın müdafiə naziri Mariuş Blaşçak ABŞ istehsalı olan 250 M1A2 Abrams tipli tankın alınması üçün müqavilənin imzalandığını açıqlayıb.
Polşa 250 ədəd M1A2 Abrams tipli tank üçün ABŞ-a 4,75 milyard dollar ödəyəcək. Tankların isə ən son texnologiya (Sepv3 versiyası) ilə modernləşdiriləcəyi bildirilir.
Ukraynanın Rusiya qüvvələrinə qarşı uğurla istifadə etdiyi silahları əldə etmək istəyən digər Şərqi Avropa ölkələrindən də ABŞ-a müraciətlərin olduğu bildirilir. Tələb olunan silahlar arasında zenit “Stinger” raketləri və “Javelin” tank əleyhinə sistemləri də var.
Bu tələblər Almaniya, İsveç və Danimarka da daxil olmaqla Avropa ölkələrinin getdikcə qeyri-müəyyən təhlükəsizlik mühitinə cavab olaraq müdafiə xərclərini artırmaq planlarını əks etdirir.
Tahir TAĞIYEV