Çinin 25 milyon əhalisi olan Şanxay şəhərində Covid-19 yoluxmalarının yenidən artması səbəbindən karantin tədbirləri sərtləşdirilib.
Şəhərin şərq və qərb tərəfləri üçün ayrı-ayrı tədbirlərin tətbiq edildiyi Şanxayda indi bütün şəhər qeyri-müəyyən müddətə qədər məhdudiyyətlərə məruz qalıb.
Bu günə qədər karantinə alınan ən böyük şəhər olan Şanxay bir aydan çoxdur ki, yeni koronavirus dalğası ilə mübarizə aparır.
Bəzi beynəlxalq standartlara görə rəqəmlər yüksək olmasa da, gündəlik koronavirusa yoluxanların sayının 13 mini keçməsi narahatlıq yaradıb.
Ölkənin maliyyə mərkəzi olan Şanxayın bəzi bölgələrində yaşayan sakinlər deyirlər ki, sərt siyasətə görə, heç kimin evini tərk etməsinə icazə verilmir, hətta əsas ərzaq məhsulları üçün belə.
Şəhər sakinləri təchizat və çatdırılma işçilərinin olmaması səbəbindən onlayn yemək və su sifariş etməkdə çətinlik çəkdiklərini bildirirlər.
Tahir TAĞIYEV