İtaliyanın xarici işlər naziri Luici Di Maio 30 rus diplomatın milli təhlükəsizlik səbəbi ilə ölkədən çıxarılacağını açıqlayıb.
Rusiya xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova isə İtaliyanın bu qərarına “lazımi cavab veriləcəyini” deyib.
Bundan başqa, İspaniya 25 rus diplomatın, Danimarka 15 rus diplomatın, Estoniya isə 14 rus diplomatın deportasiya ediləcəyini bildirib.
Bundan əvvəl Fransa və Almaniya hökuməti Ukraynanın Buça şəhərində mülki əhalinin ölümündən sonra Rusiyaya cavab olaraq çox sayda rus diplomatını “persona non qrata” elan edib.
Almaniya xarici işlər naziri Annalena Baerbok Twitter hesabından verdiyi açıqlamada Buçadan gələn görüntülərin bütün sərhədləri aşan "məhv etmək" iradəsinə şahidlik etdiyini ifadə edərək, bu səbəbdən Rusiya səfirliyinin çox sayda əməkdaşını arzuolunmaz şəxs elan etdiklərini deyib.
Alman mediası “persona non-qrata” elan edilən rus diplomatların sayının 40 nəfər olduğunu və onlardan 5 gün ərzində Almaniyanı tərk etmələrinin istəndiyini yazıb.
Fransa da bu ölkədə olan 35 rus diplomatını ölkədən çıxarmaq qərarına gəlib. Fransa Xarici İşlər Nazirliyindən, ölkədə fəaliyyət göstərən və hərəkətləri Fransanın təhlükəsizlik maraqlarına zidd olan 35 rus diplomatın deportasiya edilməsi qərarı verildiyi bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın 40 rus diplomatını ölkədən çıxardığını təsdiqləyib və “Almaniyanın siyasi mexanizminə lazımi cavabın veriləcəyini” deyib.
Tahir TAĞIYEV