Ukraynanın xarici işlər naziri Dmitro Kuleba müharibənin ən dəhşətlisini hələ yaşamadıqlarını, Kiyevdəki döyüşdə qalib gəldiklərini, lakin cənubda və Donbasda əsl müharibənin başlamaq üzrə olduğunu deyib.
Rusiya ilə danışıqlara toxunan Kuleba vurğulayıb ki, rusların bir daha onlara hücum etməyəcəyinə əmin deyillər.
"Müharibənin ortasındayıq, amma ən pisi hələ qarşıdadır. Ukrayna Kiyevdəki döyüşdə qalib gəldi, lakin Donbas və cənubda müharibə başlamaq üzrədir. Mariupoldakı dağıntıların göstərdiyi kimi, bu, dəhşətli və dağıdıcı olacaq” – Kuleba deyib.
NATO-nun baş katibi Yens Stoltenberq isə Rusiyanın son günlər bəzi qüvvələrinin Ukraynadan çəkildiyi ilə bağlı açıqlamalarının həqiqəti əks etdirmədiyini bildirib: “Gördüklərimiz geri çəkilmə deyil, Rusiya qüvvələrini yenidən yerləşdirir”.
ABŞ və NATO-nun Rusiya tərəfindən edilən manevrlərin yeni bir hücum planı ola biləcəyinə diqqət çəkən Stoltenberq deyib ki bu vəziyyət xüsusilə Donbasın şərqində yeni bir hücum hazırlığı ola bilər.
Tahir TAĞIYEV