Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə görə, Britaniya hökuməti tərəfindən bütün hesabları bloklanan rusiyalı oliqarx yaşadığı maliyyə çətinliklərindən danışıb.
Rusiyanın ən böyük özəl bankı “Alfa Bank”ın təsisçisi Mixail Fridman martın 15-də hökumət tərəfindən sanksiyaya məruz qaldığını, hazırda isə “praktiki olaraq ev dustaqlığında” olduğunu bildirib.
11,9 milyard funt-sterlinq sərvəti olduğu iddia edilən Ukrayna doğumlu Fridman, aktivləri dondurulduğu üçün Britaniya hökumətindən xərclik istədiyini deyib.
İspaniyanın “El Pais” qəzetinə danışan oliqarx deyib ki, İngiltərədəki rəsmiləri taksiyə minib yemək ala bilməm üçün mənə müəyyən məbləğdə pul verməlidir, Londonda yaşamaq xərclərini də nəzərə almalıdırlar: “Restorana belə gedib ödəniş edə bilmirəm. Evdə yemək yeməliyəm və faktiki olaraq ev dustağıyam”
Fridman Rusiyanın ən böyük özəl bankı olan “Alfa Bank”ın təsisçisidir və bu ayın əvvəlində vəzifəsindən getməzdən əvvəl Holland & Barrett-in səhmlərinə sahib olan “LetterOne”un direktoru idi.
"Mən səkkiz ildir ki, Londondayam, Böyük Britaniyaya və digər Avropa ölkələrinə milyardlarla dollar sərmayə qoymuşam və bunun cavab isə budur, hər şeyə əl qoyub məni qovmaq" deyəb rusiyalı oliqarx qeyd edib ki, sanksiyaya məruz qalan insanlar Rusiyaya qayıtmağa məcbur olacaqlar: “Çünki onlar enerjili, parlaq və istedadlı insanlardır, biznes quracaqlar və məşğulluq yaradacaqlar”.
Tahir TAĞIYEV