Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi üzrə məsul nazir Robert Habek, G7 ölkələrinin Rusiya prezidenti Putinin “dost olmayan” ölkələrin Rusiya qazına görə ödənişlərini rublla etməsi tələbini rədd etdiklərini açıqlayıb.
Habek G7-nin enerji nazirləri ilə onlayn görüşdən sonra bildirib ki, G7 ölkələrinin bütün nazirləri bunun mövcud konvensiyaların birtərəfli və açıq şəkildə pozulması kimi qəbul edib: “Nazirlər bir daha diqqəti ona yönəldiblər ki, bağlanmış müqavilələr etibarlıdır və şirkətlər onlara əməl etməlidirlər... Rublla ödəniş qəbuledilməzdir və biz müvafiq şirkətləri Putinin tələbinə əməl etməməyə çağırırıq”.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, avropalılar neft və qazın pulunu rublla ödəməkdən imtina etsələr, Rusiya enerjini pulsuz tədarük etmək niyyətində deyil.
Qeyd edək ki, Putin bu yaxınlarda ABŞ və Avropa İttifaqına (Aİ) mal tədarükü üçün ödənişin artıq dollar və ya avro ilə alınmasının mənasız olduğunu deyib və bildirib ki, Rusya dost olmayan ölkələrə qazın satışında rubla keçməyi planlaşdırır.
Peskov, Avropaya enerji nəqli üçün ödənişlərin rublla ediləcəyini açıqlayıb. Peskov eyham vurub ki, avropalılar yanacağın pulunu rublla ödəməkdən imtina edərlərsə, enerji nəqli dayanacaq.
Avropa təbii qazın pulunu rublla ödəməkdən imtina edərsə, Rusiyanın necə reaksiya verəcəyi ilə bağlı suala Peskov belə cavab verib: “Biz pulsuz qaz verməyəcəyik, bu dəqiqdir. Bunu mütləq deyə bilərəm. “Avropa xeyriyyəçiliyinə” qoşulmaq mümkün və məqsədəuyğun deyil”.
Tahir TAĞIYEV