ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putin haqqında sərt tonda açıqlamaları Fransa prezidenti Emmanuel Makronun xoşuna gəlməyib.
Makron Baydenin Putini “qəssab” adlandırması və “hakimiyyətdə qala bilməyəcəyini” dedikdən sonra Ukraynada müharibənin qızışdırılmasına qarşı xəbərdarlıq edib.
Makron bildirib ki, məqsəd Ukraynada atəşkəs əldə etmək, daha sonra isə Rusiya qoşunlarını çıxarmaqdır.
Fransa prezidenti bunun, şifahi və ya əməli eskalasiya ilə mümkün olmayacağını deyib: "Düşünürəm ki, əvvəlcə realist olmalısız, sonra isə vəziyyətin nəzarətdən çıxmaması üçün əlindən gələn hər şeyi etməlisiz. Mən belə bir dildən istifadə etməzdim, çünki hələ də prezident Putinlə danışıram. Biz nə istəyirik? Rusiyanın Ukraynada başladığı müharibəni müharibəyə girmədən və şiddətlənməmiş dayandırmaq istəyirik. Məqsədimiz budur”.
Ukrayna böhranı boyunca Putinlə daim əlaqə saxlayan Makron, güclü bombardmana məruz qalan liman şəhəri Mariupoldan mülki əhalinin təxliyəsini təşkil etmək üçün yaxın iki gün ərzində Rusiya lideri ilə danışacağını söyləyib.
Tahir TAĞIYEV