Rusiya qüvvələri Ukraynanın daha bir şəhərini ələ keçirib. Slavutiç şəhərinin meri Yuri Fomiçev bütün sakinlərinin ruslara etiraz etmək üçün Ukrayna bayraqları ilə küçələrə çıxdıqlarını deyib.
Rus əsgərləri tərəfindən şəhərin təslim edilməsi ilə bağlı ultimatum aldıqlarını, lakin bundan imtina etdiklərini ifadə edən Fomiçev deyib ki, rus əsgərləri onları şəhəri döyüşsüz təslim etməyə çağırıblar: “Bununla belə, şəhəri qətiyyətlə müdafiə etdik. Amma Slavutiç bu gündən etibarən işğal altındadır. Rusların qarşısını almaq cəhdləri zamanı 3 nəfərin öldüyü təsdiqlənib. Hələlik ölənlərin sayı ilə bağlı dəqiq rəqəmlər yoxdur”.
Fomiçev əlavə edib ki, hazırda insanların şəhərdən çıxarılması ilə bağlı işğalçılarla danışıqlar aparır.
Slavutiç əsasən mühəndis və mütəxəssislərin yaşadığı Çernobıl Atom Elektrik Stansiyasının peyk şəhəri kimi tanınır.
Tahir TAĞIYEV