Rusiya hərbi gərginliyi Ukraynadan minlərlə kilometr uzağa, Yaponiyaya daşıdı. Rusiya ordusu hələ də İkinci Dünya Müharibəsinin bitməsindən sonra rəsmi olaraq sülh müqaviləsi imzalamadığı Yaponiya ilə ən böyük mübahisəli bölgə olan Kuril adalarında nəhəng təlimlərə başlayıb.
Həftənin əvvəlində Yaponiya ilə sülh danışıqlarından sanksiyalara görə imtina edən Moskva Ukraynadan sonra Kuril adalarında da güc nümayişinə başlayıb.
1300 kilometr boyu uzanan Kuril adalarında təlimdə 3000-dən çox rus əsgəri iştirak edir. Rusiya mətbuatı təlimdə pilotsuz uçuş aparatları və raketlərdən istifadə edildiyini yazır.
1945-ci ildə Rusiya İkinci Dünya Müharibəsində məğlub olmuş Yaponiyanın şimalında yerləşən Kuril adalarını işğal edib. Son 77 ildə Kuril adaları Tokio ilə Moskva arasında ən böyük problem olub.
O dövrün Rusiya lideri Dmitri Medvedevin 2010-cu ildə Kuril adalarına səfəri tərəflər arasında gərginliyi pik həddə çatdırmışdı. Rusiya liderinin ilk dəfə adaya enməsinə çox sərt reaksiya verən Yaponiya Moskvadakı səfirini geri çağırmışdı.
Rusiyada “Cənubi Kuril” və Yaponiyada “Şimal bölgələri” kimi tanınan adalar İkinci Dünya Müharibəsindən bəri Rusiyanın nəzarəti altındadır. Rusiyanın nəzarətinə keçməzdən əvvəl adalarda 17.000 yapon yaşayıb.
Kuril adalarının balıq, faydalı qazıntılar və hətta neft və qaz yataqları ilə zəngin olduğu ehtimal edilir.
Tahir TAĞIYEV