Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatın birinci mərhələsinin əsas məqsədlərinə nail olunduğunu açıqlayıb.
Nazirlik bildirir ki, Ukrayna hava məkanı uçuşlar üçün bağlanarsa, rus əsgərləri qısa müddətdə buna cavab verəcək: “Qərbin Ukraynaya silah verməsi böyük səhvdir, bu münaqişənin uzanmasına səbəb olar.
Rusiya ordusu Ukraynadakı əməliyyatın birinci mərhələsində əsas məqsədlərinə nail olub. Ukrayna silahlı qüvvələrinin döyüş potensialı xeyli azalıb ki, bu da Rusiya ordusunun diqqətini əsas məqsədinə - Donbasın azad edilməsinə yönəltməyə imkan verir”.
Qeyd edilir ki, Ukrayna ordusu bir ayda 14 mindən çox əsgər itirib, 16 minə yaxın əsgər isə yaralanıb. Ukraynadakı müharibədə rus əsgərlərindən isə 1351 nəfər ölüb, 3825 nəfər yaralanıb.
“Ukraynanın Kiyev, Xarkov, Çerniqov, Sumi və Nikolayev şəhərləri mühasirədədir, bütün Xerson vilayəti və Zaporojyenin böyük bir hissəsi bizim nəzarətimiz altındadır.
Luqansk torpaqlarının 93 faizi, Donetsk torpaqlarının 54 faizi azad edilib, Mariupol uğrunda döyüşlər davam edir.
Ukrayna qoşunlarına raket və sursat, yanacaq və ərzaq tədarükünü demək olar ki, tamamilə dayandırmışıq” – Nazirliyin açıqlamasında deyilir.
Rusiya Ukraynanın demək olar ki, bütün hava qüvvələri və donanmasının məhv edildiyini açıqlayıb. Müdafiə Nazirliyi xüsusi əməliyyatın Putinin qarşıya qoyduğu hədəflərə çatana qədər davam edəcəyini vurğulayıb.
Tahir TAĞIYEV