Ukrayna hakimiyyəti Azov dənizi sahilində Mariupol şəhərində teatr binasını keçən həftə bombalayan rusların ən azı 300 nəfəri öldürdüyünü açıqlayıb.
Teatr binası mühasirədə olan Mariupol şəhərində əsas sığınacaqlardan biri kimi istifadə olunurdu. Qeyd edilir ki, humanitar böhranın dərinləşdiyi Mariupolda hücum zamanı teatrda 1300 sakin olub.
Ukraynanın mühüm liman şəhəri olan Mariupol müharibə başlayandan bəri rus qoşunlarının mühasirəsindədir. Bu günlərdə şəhərin böyük hissəsi xarabalığa çevrilib, su və elektrik yoxdur.
Bələdiyyə sədri Vadim Boyçenko deyir ki, "Vəziyyət çox mürəkkəbdir. Bu, humanitar böhrandır. Toqquşmalar dayanmadan davam edir. Əsgərlərimiz ümumilikdə şəhərə nəzarət etsə də, onun böyük hissəsi rus qoşunlarının mühasirəsindədir".
Boyçenko mülki əhalinin təxliyəsi üçün işiləri davam etdirdiklərini deyib: "İnsanları xilas etməyin yeganə yolu budur, çünki şəhər dağıdılıb və bərpası illər çəkəcək".
O, əlavə edir ki, şəhərin sərhədində 300 ton humanitar yardım gözləyir, lakin rus əsgərləri içəri buraxılmır.
Şəhərdə hələ də 100 minə yaxın insanın olduğu düşünülür. Şəhəri tərk edə bilənlər ərzaq və dərman ehtiyatlarının tükənməsindən, bitib-tükənməyən hücumlardan danışırlar.
Tahir TAĞIYEV