Rusiyanın Ukraynada başlatdığı müharibə davam etdiyi bir vaxtda Rusiyada müxalif media müdafiə naziri Sergey Şoyqunun yoxa çıxdığını yazıb.
Qeyd edilir ki, Şoyqu son dəfə martın 8-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla telefonla danışıb, bundan sonra media qarşısına çıxmayıb. Şoyqunun mətbuatla əlaqələrə önəm verdiyini qeyd edən müxalif media yazır ki, əvvəllər Şoyqu demək olar ki, hər gün televiziya ekranlarında görünürdü: “O, media ilə ünsiyyətə böyük əhəmiyyət verirdi. Martın 11-dən sonra hər şey dəyişdi. Şoyquya yaxın mənbələrin məlumatına görə, generalın ürəyində problem var. Martın 18-də Putin fövqəladə iclas çağırarkən Şoyqunun adı Rusiya Təhlükəsizlik Şurasının iclasının iştirakçıları arasında çəkilib. Lakin o iclassda görünməyib”.
Şoyqudan başqa, son günlər Baş Qərargah rəisi general Valeri Gerasimovun da yoxa çıxdığı vurğulanıb.
Kremlin sözçüsü Peskov müdafiə naziri Sergey Şoyqunun günlərdir ortada görünməməsi xəbərlərinə münasibət bildirib. Kremlin sözçüsü, nazir Şoyqunun Ukrayna ilə müharibə səbəbindən çox məşğul olduğunu və media qarşısına çıxmağa vaxtının olmadığını deyib.
Tahir TAĞIYEV