Rusiya Xarici İşlər Nazirliyi Rusiya əleyhinə sanksiyalar tətbiq etdiyinə görə, Yaponiya ilə sülh danışıqlarından imtina etdiklərini açıqlayıb.
Nazirlik bildirib ki, Yaponiya Ukraynadakı müharibə ilə əlaqədar “Rusiyaya qarşı düşməncəsinə birtərəfli sanksiyalara” tətbiq edib: “Rusiya tərəfi indiki şəraitdə Rusiyanın maraqlarına xələl gətirməyə çalışan və düşmən mövqe tutan dövlətlə ikitərəfli münasibətlərə dair fundamental sənədin imzalanması ilə bağlı danışıqların mümkünsüzlüyünə görə Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində deyil”.
Açıqlamada Rusiyanın Yaponiya vətəndaşlarının Cənubi Kuril adalarına vizasız gediş-gəlişi və orada birgə iqtisadi fəaliyyətlərin qurulması ilə bağlı dialoqu da dayandırdığı qeyd edilib. Yaponiyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sektoral dialoq üzrə tərəfdaş statusuna da son verildiyi bildirilib.
Qeyd edək ki, İkinci Dünya Müharibəsinin sonunda Sakit Okeanını Oxot dənizindən ayıran təxminən 1300 kilometrə qədər uzanan Yaponiyanın Kuril adaları 1945-ci ildə Sovet İttifaqının nəzarətinə keçib.
İlhaqdan sonra tərəflər Yaponiyanın “Şimal bölgələri” adlandırdığı torpaq parçası ilə bağlı fikir ayrılığı səbəbindən Rusiya ilə Yaponiya arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlarda razılığa gələ bilməyiblər.
TAHİR