ABŞ-ın Moskvadakı səfiri Sallivan Baydenin Putin haqqında söylədiyi fikirlərə görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Baydenin Putinlə bağlı son açıqlamalarının qəbuledilməz olduğu vurğulanıb.
Açıqlamada, belə yüksək səviyyəli dövlət xadiminə yaraşmayan ABŞ prezidentinin bu cür açıqlamalarının Rusiya-ABŞ münasibətlərini qırılma həddinə çatdırdığı vurğulanıb. Xəbərdarlıq edilib ki, Rusiyaya qarşı atılan düşmənçilik hərəkətlərinə qəti və sərt cavab veriləcək.
Qeyd edək ki, martın 16-da Ağ Evdə bir jurnalistin Ukraynadakı müharibə ilə bağlı “Bütün gördüklərimizdən sonra Putini hərbi cinayətkar adlandırmağa hazırsınızmı?” sualına Bayden "xeyr" cavabını verib. Zalı tərk edib və sonra təkrar zala qayıdan Bayden “O, hərbi cinayətkardır” deyə cavab verib.
Daha sonra dünyanın birliyə hər zamankından daha çox ehtiyacı olduğunu deyən Bayden, "Putinin vəhşilikləri və əsgərlərinin Ukraynada etdikləri qeyri-insani davranışdır" deyib.
Bayden Putin haqqında “quldur” və “qatil diktator” kimi ifadələr də işlədib.
Tahir TAĞIYEV