Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün gücü ilə davam edir, müharibənin uzanması və Moskvanın bundan sonra hansı addımları atacağı isə müzakirələrə səbəb olub.
ABŞ-ın aparıcı qəzetlərindən olan “Wall Street Journal”a açıqlama verən Amerika rəsmiləri Rusiyanın B planına keçdiyini və Moskvanın hansı addımları ata biləcəyini açıqlayıb.
ABŞ və müttəfiqlərinə görə, Moskva Kiyevin ələ keçirilməsinin cəmi bir neçə gün çəkəcəyini və Ukrayna lideri Zelenskinin tez bir zamanda rusiyapərəst liderlə əvəzlənməsini gözləyirdi. Üç həftəlik müharibədən sonra bu bunlar həyata keçməyincə Rusiya lideri Putin taktikanı dəyişib.
Bayden administrasiyasının yüksək səviyyəli rəsmilərinə istinad edən qəzet, Putin administrasiyasının strateji bölgələri ələ keçirərək və Kiyev administrasiyasını Rusiya ilə Qərb arasında neytral qalmaq öhdəliyi götürməyə məcbur etdiyini yazıb.
Bayden administrasiyasına görə, Moskva Kiyevə Krım və Donbas bölgələrinin Rusiya əraziləri olduğunu qəbul etdirmək və bu bölgələrin Rusiya ərazisi ilə əlaqəsini gücləndirmək üçün addımlarını davam etdirəcək. Mariupol şəhərinin də Krıma qurudan dəhliz yaratmaq üçün mühasirəyə alındığı bildirilir. Qeyd edilir ki, təzyiqləri davam etdirmək üçün Ukrayna şəhərləri bombardmanlara hədəf alınacaq.
Amerika rəsmiləri bəyan ediblər ki, əgər bütün bunlar nəticə verməsə, Moskva tutduğu bölgələri əlində saxlamaqla münaqişəni davam etdirəcək. "Bizim dəyərləndirməmizə görə, onlar mühasirə taktikasına keçirlər" - Amerika rəsmilərindən biri deyib.
Bu o deməkdir ki, Moskvanın tələbləri yerinə yetirilməsə, müharibə aylarla davam edə bilər. Amerika rəsmiləri, rus qoşunları irəlilədikcə Moskvanın tələbləri artıra biləcəyini bildirir. Ancaq paytaxt Kiyevin mühasirəyə alınaraq ələ keçirilməsi o qədər də asan olmayacaq.
“New York Times”ın məşhur köşə yazarlarından Tomas L. Fridman “Putinin B planı indi Bayden və Zelenskinin A planına qarşıdır” başlıqlı yazısında Putinin D planının nüvə və ya kimyəvi hücum ola biləcəyini ifadə edib: "Bayden və Zelenskinin qələbə çalacağına ümid edək, çünki Putinin mümkün C planı həqiqətən dəhşətlidir, D planının nə olacağını isə yazmağa belə qorxuram. B planı Rusiya ordusunun Ukrayna vətəndaşlarına, evlərə, xəstəxanalara, iş yerlərinə və hətta bunkerlərə hücumudur. Bütün bunlar son bir neçə həftə ərzində baş verib. Məqsəd ukraynalıları evlərini tərk etməyə məcbur etmək və Ukrayna daxilində və ən əsası ətraf NATO ölkələrində böyük qaçqın böhranı yaratmaqdır".
Fridman, Putinin planına görə, qaçqın böhranı ilə mübarizə aparmaq istəməyən NATO ölkələrinin Zelenskiyə təzyiq göstərərək Moskvanın tələblərini qəbul etdirəcəyini də iddia edib.
Tahir TAĞIYEV