Təlim bəhanəsi ilə ərazisində 30 min rus əsgərini qəbul edən və 24 fevralda işğalın başlaması ilə şimal cəbhəsinin açılmasına dəstək verən Belarus şənbə günü Ukraynadakı bütün diplomatlarını geri çəkib.
Sonuncu təxliyə edilənlər arasında Belarusun Ukraynadakı səfiri İqor Sokol da olub. Lakin səfir Sokol rüsvayçılıqla Ukraynanı tərk etməli olub.
Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə ukraynalı sərhədçi əvvəlcə səfir Sokoldan kimliyini soruşur.
Bundan sonra sərhədçi Belarus səfirinə içərisində 30 gümüş pul olan qara torba vermək istəyir. Mühafizəçi deyir ki, onun komandiri sözügedən hədiyyəni belaruslu həmkarına göndərilmək üçün hazırlayıb.
Səfir Sokol mühafizəçinin ona vermək istədiyi qara çantanı götürmək istəmir. Mühafizəçi “Bu, əmrdir” deyir, belarus diplomatı isə “bu, sizin üçün əmrdir, mənim üçün deyil” deyə cavab verir.
Bundan sonra mühafizəçi qara çantanı rişxəndlə gümüşləri götürməkdən imtina edən səfirin üstünə atır.
Qeyd edək ki, 30 gümüş xristian inancında lənətlənmiş sayılır. İsa peyğəmbərin harada olduğunu romalılara deyən Yəhuda əvəzində 30 gümüş pul alıb. Buna görə də sözügedən 30 gümüş sikkə “qanlı pul” kimi də qəbul edilir.
TAHİR