Rusiyanın Sarayevodakı səfiri Kalabuxov Bosniyanın NATO-ya üzv olmaq məsələsində hədələyib və “Sonunuz Ukrayna kimi olar” sözləri ilə təhdid edib.
Kalabuxov bildirib ki, Bosniyanın NATO-ya üzv olmaq barədə qərar vermək hüququ var, lakin Moskvanın da bu qərara öz maraqlarına uyğun reaksiya vermək hüququ var.
"Bosniya və Herseqovina hər hansı birliyə üzv olmaq qərarına gəlsə, bu, ölkənin daxili işidir. Amma Rusiyanın da reaksiyası olacaq", - Kalabuxov deyib.
Özlərinə qarşı təhdid yaranacağı halda hərəkətə keçəcəklərini bildirən Kalabuxov, “Ukrayna nümunəsində gözləntilərimizin nə olduğunu göstərdik” deyib.
Bosniya və Herseqovina Prezident Şurasının bosniyalı üzvü Şefik Dzaferoviç Kalabuxovun açıqlamasında Ukraynanı misal çəkməsini “Bosniya və Herseqovinanın ərazi bütövlüyünə hücum” kimi qiymətləndirib.
ABŞ-ın Bosniya və Herseqovinadakı səfirliyi də Kalabuxovun təhdidlərinin qəbuledilməz olduğunu bildirib.
"Kalabuxovun son təhdidləri məsuliyyətsiz və qəbuledilməzdir. NATO ilə suveren ölkələr arasında razılaşmalara üçüncü tərəflər qərar verə bilməzlər. Biz Bosniya və Herseqovinanı Avro-Atlantik birliyə qoşulması üçün lazımi addımları atmaqda dəstəkləməyə davam edəcəyik” – səfirliyin bəyanatında deyilir.
Tahir TAĞIYEV