Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatların Kremlin istədiyi kimi getməməsi ölkədə kütləvi həbslərə səbəb olub.
Araşdırmaçı jurnalistika platforması “Bellingcat”a məlumat verən mənbələr Rusiya Milli Qvardiyasının rəis müavini general Roman Qavrilovun dünən kəşfiyyat bölmələri tərəfindən saxlandığını açıqlayıb. İddianı irəli sürən mənbələr Qavrilovun Kremlin hərbi əməliyyatı ilə bağlı məlumatları sızdırmaqda ittiham olunaraq saxlandığını bildirib.
Qavrilovun saxlanması ilə bağlı oxşar iddia başqa mənbədən gəlib. Ölkədən qaçan rusiyalı dissident Vladimir Oseçkin sosial şəbəkədə 46 yaşlı Qavrilovun çox sayda rus əsgərinin həyatını itirməsindən sonra saxlandığını yazıb. Bütün səlahiyyətlərindən məhrum edilən Qavrilovun sonradan azadlığa buraxıldığı da iddia edilib.
Putinin “Vahid Rusiya” Partiyasından olan deputatı Aleksandr Xinşteyn isə ittihamları rədd edərək Qavrilovla görüşdüyünü deyib.
Britaniyanın "The Times" qəzeti başqa yüksək rütbəlilərin də saxlandığını iddia edib. Qəzet yazıb ki, yüksək rütbəli kəşfiyyatçı və onun köməkçisi ötən həftə “Ukraynaya müdaxilədən əvvəl Kremlə etibarlı məlumat vermədikləri” ittihamı ilə ev dustağı edilib.
Qəzet Rusiya kəşfiyyat bölməsinin xarici kəşfiyyat şöbəsinə rəhbərlik edən Sergey Beseda və onun müavini Antoli Bolyuxun saxlandığını yazıb.
"The Times"a açıqlama verən Agentura araşdırmaçı jurnalistika platformasının təsisçisi Andrey Soldatov deyib ki, həbslər Putinin təhlükəsizlik qüvvələrinə qəzəbindən xəbər verir: “Putin yanlış yönləndirildiyini nəhayət ki, anladı".
Tahir TAĞIYEV