Rusiyanın müdafiə naziri Sergey Şoyqu əsasən Yaxın Şərqdən olan 16 min könüllü Ukraynada döyüşmək üçün müraciət etdiyini açıqlamasından sonra prezident Putin “Yaxın Şərq könüllüləri”ni qəbul etmək üçün yaşıl işıq yandırıb və döyüşçülərin Ukraynadakı müharibəyə cəlb olunması barədə göstəriş verib.
Türkiyə mediası yazır ki, Bəşər Əsəd də Rusiya ordusuna dəstək üçün 30 minlik bir qüvvə göndərir. Onlardan 10 mininin Ermənistan üzərindən Ukraynaya göndərildiyi, 20 mininin isə gözlədiyi və ehtiyac yaranarsa tez zamanda bir bölgəyə göndəriləcəyi bildirilir.
Suriya Müvəqqəti Hökumətinin müdafiə naziri general Həsən Həmadi bildirib ki, Əsədin göndərdiyi döyüşçülər arasında talançı Şabiha milisləri ilə yanaşı Respublikaçı mühafizəçilər də var.
Putinin hər əsgər üçün 2 min dollar maaş vədi verdiyini deyən Həmadi, yüksək rütbəli zabitlərə isə 7 min dollar veriləcəyini bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlara dünyadan ilk dəstək Suriyadakı Əsəd rejimindən gəlib. Bundan əvvəl isə o Putinin Donetsk və Luqanskı tanımasını dəstəkləyib.
Tahir TAĞIYEV