Rusiya istehsalı olan Miq-29-ların Ukraynaya çatdırılması ilə bağlı ABŞ-la Polşa arasında mübahisə yaranıb.
Qeyd edək ki, Polşa bütün MiQ-29 təyyarələrini ABŞ hökumətinin xidmətinə verməyə hazır olduqlarını açıqlayıb və ABŞ-dan onlara oxşar imkanlara malik işlənmiş təyyarələr verməsini istəyib.
Polşanın xarici işlər naziri Zbiqnev Rau bəyan edib ki, Polşa hakimiyyəti bütün MiQ-29 təyyarələrini “dərhal və pulsuz” ABŞ-ın Almaniyadakı Ramşteyn aviabazasına yerləşdirməyə və onları ABŞ hökumətinin xidmətinə verməyə hazırdır.
Ancaq Polşanın təyyarələrin ABŞ-ın istifadə etdiyi Almaniyadakı bazaya verilməsi təklifi Vaşinqton tərəfindən qəbul edilməyib. İş o yerə çatıb ki, Vaşinqton bu təklifin onlarla məsləhətləşmədən verildiyini açıqlayıb.
Bayden administrasiyasına görə Polşanın Miq-29-ları Almaniyadakı ABŞ bazasına göndərilməsi açıqlaması onlar üçün "sürpriz" olub. ABŞ-ın planı Polşanın təyyarələri qonşusu Ukraynaya verməsi və Polşada yaranacaq qırıcı təyyarə çatışmazlığını Amerika təyyarələri ilə doldurmaq idi.
Pentaqondan verilən açıqlamada deyilir ki, təklifin "mümkün olmadığı" üçün rədd edilib. "Almaniyadakı ABŞ-NATO bazasından təyyarələrin Rusiyaya qarşı döyüş meydanına verilən Ukrayna hava məkanına keçməsi NATO alyansı üçün ciddi təhlükəsizlik narahatlığı yaradır", - Pentaqonun sözçüsü Con Kirbi deyib.
Polşanın baş naziri Mateuş Moraveçki isə Ukraynaya təyyarə göndərilməsi ilə bağlı istənilən qərarda bütün NATO ölkələrinin iştirak etməli olduğunu deyib: "Biz təyyarə tədarükü ilə bağlı qərar vermədik, çünki bu, təkbaşına verə biləcəyimiz bir qərar deyil".
Tahir TAĞIYEV