Rusiya baş nazirinin müavini Aleksandr Novak avropalı siyasətçilərin Rusiyanı “Şimal axını 1”dən qaz nəqlinə embarqo qoymağa sövq etdiyini iddia edib.
Novak, Rusiyaya qarşı ittihamlar səbəbilə “Şimal axını 1”lə bağlı addım ata biləcəklərinə diqqət çəkib.
Boru kəmərindən qaz nəqlini kəsə biləcəklərini ifadə edən Novak deyib ki, “Şimal axını 1”dən qaz nəqlinə embarqo qoymağa tam haqqımız var: “Lakin indiyədək belə bir addım atmamışıq. Bunun heç kimə faydası olmayacaq. Lakin avropalı siyasətçilər bəyanatları ilə bizi buna sövq edirər”.
Rusiya “Şimal axını 1” xətti ilə Baltik dənizi vasitəsilə Almaniyaya hər il 55 milyard kubmetr qaz nəql edir.
Bundan əvvəl Rusiyanın qaz nəhəngi “Qazprom” şirkəti Avropada qazın qiymətinin tarixi rekord qırdığını açıqlayıb və qiymət artımının davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
“Qiymətlər daha da yüksək ola bilər. Amma bu artımın səbəbi “Qazprom”la bağlı deyil. Şirkətimiz uzunmüddətli qaz təchizatı müqavilələrini yerinə yetirir və yerinə yetirməkdə davam edəcək” - “Qazprom”dan bildirilib.
Rusiya Avropanın qaz idxalının təxminən 45 faizini təmin edir.
Tahir TAĞIYEV