Polşa bütün MiQ-29 təyyarələrini ABŞ hökumətinin xidmətinə verməyə hazır olduqlarını açıqlayıb və ABŞ-dan onlara oxşar imkanlara malik işlənmiş təyyarələr verməsini istəyib.
Bu barədə açıqlama verən Polşanın xarici işlər naziri Zbiqnev Rau bəyan edib ki, Polşa hakimiyyəti bütün MiQ-29 təyyarələrini “dərhal və pulsuz” ABŞ-ın Almaniyadakı Ramşteyn aviabazasına yerləşdirməyə və onları ABŞ hökumətinin xidmətinə verməyə hazırdır.
Rau, ABŞ-dan da Polşaya oxşar əməliyyat imkanlarına malik işlənmiş təyyarələr verməsini tələb istəyib və Polşanın da bu reaktivlərin alınması üçün şərtləri dərhal yerinə yetirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Polşanın Rusiyanın hücumu altında olan Ukraynaya öz MiQ-29-larını verəcəyi, ABŞ-ın isə əvəzində Polşaya F-16-ları verəcəyi iddia edilirdi.
Rusiya Müdafiə Nazirliyi isə bəyan edirdi ki, başqa ölkələrin öz aviabazalarını Ukrayna təyyarələri üçün açması və bu təyyarələrin Rusiyaya qarşı istifadə edilməsi bu ölkələrin silahlı münaqişəyə cəlb olunması kimi qəbul edilə bilər.
Bunun ardınca Polşa prezidenti Anjey Duda Ukraynaya döyüş təyyarələri göndərməyin müharibəyə girmək demək olduğunu bəyan edib və bu səbəbdən Ukraynaya döyüş təyyarələri göndərməyəcəklərini açıqlayıb. "Ukraynaya heç bir təyyarə göndərmirik, çünki bu, Ukrayna münaqişəsinə hərbi müdaxiləyə səbəb olacaq. Biz bu münaqişədə iştirak etmirik. NATO bu münaqişənin tərəfi deyil".
Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Soloç isə yerli televiziyaya bildirib ki, belə bir qərar NATO müttəfiqləri arasında qəbul edilməlidir və Polşa bu məsələdə müstəqil qərar qəbul edərək alyansı risqə atmayacaq.
Tahir TAĞIYEV