Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasının mümkünlüyü ilə bağlı bəyanatlar absurd səslənir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Soloviev Live" "YouTube" kanalının efirində deyib.
"Əgər biz indi eşitdiyimiz hər bir cəfəng bəyanatı şərh etməyə başlasaq, ancaq bununla məşğul olmağa məcbur olacağıq. Onlar getdikcə daha çox absurd çağırışlar, bəyanatlar və ən əsası hədə-qorxu ilə çıxış edəcəklər. Qərbdəkilər özləri də "mümkün və ya qeyri-mümkünü başa düşmürlər. Çünki onlar hüquqi kursdan çoxdan əl çəkiblər. Onlar hüquqdan öz fəaliyyətlərinin bazası kimi istifadə etmirlər", - diplomat bildirib.
Bundan öncə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməklə beynəlxalq hüququ pozduğunu və buna görə bu ölkənin beynəlxalq arenadan təcrid edilməsinə çağırış etmişdi.
"ABŞ Rusiya diplomatik missiyaları və diplomatlarının ölkədən çıxarılmasına dair məsələlərdə riyakar mövqe tutur. ABŞ, Almaniya, Polşa, Ukraynadan olan telefon terrorçuları Rusiyanın xaricdəki diplomatlarının işinə mane olmağa çalışırlar. Qərb Vaşinqtonun görünməmiş təzyiqi şəraitində yenidən qruplaşmağa çalışır. Ukraynadakı vəziyyət məcburiyyətdən qaynaqlanan bir vəziyyətdir" - Rusiya XİN sözçüsü əlavə edib.
Zaxarova deyib ki, "Moskva Ukrayna ətrafında vəziyyətin bu cür inkişafının qarşısını almağa cəhdlər göstərirdi, lakin Qərb buna göz yumurdu. İndi isə məsuliyyəti boynundan atır".