Ukrayna qoşunlarının Azov dənizinə çıxışı tam bağlanıb.
Bununla bağlı açıqlama yayan Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının Azov dənizinə çıxışının tamamilə bağlandığını bildirib.
Bu arada Ukraynanın cənubunda Krım yarımadasından şimala doğru irəliləyən Rusiya ordusu Xerson şəhərinin mərkəzini mühasirəyə alıb. Məlumata görə, 2014-cü ildə ilhaq etdiyi Krımdan yola çıxan Rusiya ordusu səhər saatlarında genişmiqyaslı hücuma keçib.
Mer İqor Kolikayev Facebook hesabında "Rusiya ordusu Xersonun girişlərində nəzarət-buraxılış məntəqələri qurur" deyə paylaşım edib.
Ukrayna 24 kanalına danışan Xersonda məskunlaşan jurnalist Alena Panina "Şəhər həqiqətən mühasirəyə alınıb, hər yerdə çoxlu rus əsgəri və hərbi texnikası görürük, onlar çıxışlarda nəzarət-buraxılış məntəqələri qururlar" deyib.