Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar davam edir. Meydanda istədiyi qədər irəliləyə bilməyən Rusiya hücumlarının şiddətini artırıb. Ruslar hərbi hədəflərlə yanaşı mülki yaşayış məntəqələrini də vurmağa başlayıblar.
İşğalın başladığı fevralın 24-dən Xarkov şəhərinə girə bilməyən rus ordu qüvvələri bu şəhərə hücumlarını artırıb.
Bu gün səhər saatlarında Rusiya tərəfindən atılan raket Xarkov meriyasına düşüb. Yayılan görüntülərdə qəfildən səmada peyda olan raketin şəhərin mərkəzini cəhənnəmə çevirdiyi görünür.
Həm raketin Xarkovu vurduğu an, həm də hücumdan sonra ortaya çıxan görüntülər sosial mediada paylaşılır.
Ətrafdakı bütün binaların şüşələrinin sındığı, bir çox nəqliyyat vasitələrinin də sıradan çıxdığı müşahidə edilib.