Belarusda təxminən 6 saat davam edən kritik Rusiya-Ukrayna danışıqlar başa çatıb.
Rusiya rəsmisi yaxın günlərdə danışıqların ikinci raundunun keçiriləcəyini açıqlayıb. Nümayəndə heyətləri məsləhətləşmələr üçün Belarusdan paytaxtlarına qayıdırlar. Ukraynanın verdiyi açıqlamada Rusiya ilə "müəyyən qərarların" əldə edildiyi bildirilib.
Tərəflərin danışıqlarda ortaya qoyduğu tələblər də məlum olub. Xarici media yazır ki, danışıqlarda Rusiyanın tələbləri Krımın Rusiya ərazisi kimi tanınması və Ukraynanın demilitarizasiyası olub.
Kiyev tərəfi isə Rusiyadan işğal olunmuş bütün ərazilərdə çıxarmasını, həmçinin atəşkəs tələb etdiyi bildirilir: “Ukrayna nümayəndə heyəti bütün Rusiya qüvvələrinin Ukrayna ərazisindən, o cümlədən Krım və Donbasdan çıxarılmasını tələb edib”.
XXX
Belarus sərhədində Rusiya və Ukrayna heyətləri arasında danışıqlar başlayıb. Görüş 1 saat 20 dəqiqə gecikmə ilə başlayıb.
Ukrayna prezident ofisi bəyan edib ki, danışıqların əsas məqsədi dərhal atəşkəs və Rusiya işğalçı qoşunlarının ölkədən çıxarılmasıdır.
Ukrayna nümayəndə heyətinə müdafiə naziri Aleksey Reznikov rəhbərlik edir.
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna və Rusiya nümayəndə heyətlərinin Belarusda danışıqlar zamanı tələb və mövqelərini ictimaiyyətə açıqlamayacağını, danışıqların səssiz davam edəcəyini bildirib.