Rusiya prezidenti Putin Müdafiə Nazirliyinə Rusiyanın nüvə qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirməyi əmr edib.
Putin bununla bağlı Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla görüş keçirib.
Putin görüşdə Qərbin Rusiya ilə münasibətlərində qeyri-dost hərəkətlərə əl atdığını deyib.
"Mən iqtisadi sahədə qeyri-qanuni sanksiyaları nəzərdə tuturam. NATO ölkələrinin yüksək vəzifəli şəxsləri də ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər. Ona görə də mən Baş Qərargah rəisinə və müdafiə nazirinə Rusiya ordusunun nüvə qüvvələrini xüsusi döyüş hazırlığı vəziyyətinə gətirməyi əmr edirəm” - Putin deyib.
Putinin göstərişinə reaksiya verən ABŞ ABŞ və NATO-nun Rusiyanı təhdid etmədiyi bildirib. “Moskva mövcud olmayan təhdidlərə əsaslanaraq nüvə qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirir”, - Ağ Evin açıqlamasında deyilir.
NATO-nun baş katibi Stoltenberq isə Putinin nüvə güclərinə əmrini “təhlükəli və məsuliyyətsiz bəyanat" adlandırıb.
Ukraynanın Ankaradakı səfiri Vasli Bodnar isə deyib ki, Rusiyanın nüvə silahından istifadə etməsi dünyanın sonu deməkdir. “Dünya Holokostda baş verənlərin təkrarlanmasını istəmirsə, müdaxilə etməlidir" - səfir deyib.
TAHİR