Ukrayna-Rusiya böhranı qorxulan oldu, Rusiya Ukraynada hərbi əməliyyatlara başladı. Bununla bağlı Milli Təhlükəsizlik Şurasını fövqəladə iclasını keçirən ABŞ prezidenti Co Bayden toplantıdan sonra Rusiya üçün kabusa çevriləcək ağır sanksiyaları açıqlayıb.
Putin müharibəni seçdi və bunun bədəlini ödəyəcək deyən Bayden 27 Avropa İttifaqı ölkəsi ilə koalisiya yaratdıqlarını deyib.
“Biz Rusiyanın ordunu maliyyələşdirməsinin qarşısını alacağıq və məhdudiyyətlər gətirəcəyik. Korrupsioner milyarderlərə qarşı sanksiyaları davam etdirəcəyik…
Ordu qüvvələrimiz heç bir şəkildə Ukraynada, Rusiyaya qarşı döyüşməyəcək. G7 liderləri ilə danışdım və hamımız razılaşdıq. Rusiyaya qarşı dünya iqtisadiyyatının 50 faizini təşkil edən koalisiya yaratdıq.
Rusiyanın dollar, avro, funt sterlinq və yenlə ticarət aparmasına mane olacağıq. 1 trilyon dollarlıq aktivi olan Rusiya banklarına sanksiya tətbiq etdik. Rusiyada bank aktivlərinin 1/3-nə sahib olan ən böyük bankın ABŞ-dakı bütün aktivlərini donduracağıq. Neft hasilatı və bazarların əziyyət çəkməməsi üçün əlimizdən gələni edəcəyik.
Bu hücum cavabsız qala bilməzdi. ABŞ tiranların qarşısında dayanır. Bu bizim xarakterimizdə var. İnanırıq ki, bizim hərəkətlərimiz Rusiyanın texnologiya idxalını azaldacaq…
Putin dünyamızın gələcəyinə hücum edir. ABŞ-ın müttəfiqləri və tərəfdaşları bundan daha güclü çıxacaqlar” - ABŞ prezidenti deyib.
Bayden açıqlamasında Putinlə görüşmək fikrində olmadığını da açıq şəkildə bildirib. O, deyib ki, Rusiya xalqı Putinin onlara hansı bəlalar gətirdiyini bilir.
TAHİR