Almaniya kansleri Olaf Şolz Moskvanın Donetsk və Luqanskı tanımasından sonra bildirib ki, Rusiyanın son addımlarından sonra “Şimal axını 2”yə icazə vermək artıq mümkün deyil.
Rusiyaya qarşı atılacaq addımlara ABŞ və AB ilə birlikdə qərar verəcəklərini ifadə edən Şolz, “Şimal axını 2”yə lisenziya verilməsinin artıq mümkün olmadığını bildirib.
"Biz vəziyyəti nəzərdən keçirməliyik, xüsusən də "Şimal axını 2" ilə bağlı", - Şolz deyib.
Bu qərar Moskvanın atdığı addımlardan sonra Rusiyanı hədəf alan ilk konkret sanksiyadır.
Hazırda Rusiya qazı daha çox Ukrayna vasitəsilə Avropaya nəql olunur. Bu xəttlə Moskva Kiyevdən yan keçməyə çalışırdı. Ancaq Berlin bu qərarla “Şimal axını 2” layihəsinin qeydiyyat prosesini dayandırmış oldu.
Berlinin “olduqca ciddi” adlandırıla biləcək bu addımına Rusiyanın necə reaksiya verəcəyi maraq doğurur...
Tahir TAĞIYEV