Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində rusiyayönlü separatçıları tanınması haqqında fərman imzalayıb. Putinin qərarı açıqlamasının ardından dünya ölkələrindən sərt açıqlamalar gəlib.
Ağ Ev bəyan edib ki, Rusiyanın bu addımına qarşı əlavə sanksiyalar tətbiq ediləcək. "Biz bu addımı gözləyirdik, dərhal cavab verməyə hazırıq", - Ağ Evin bəyanatında deyilir.
İngiltərə Xarici İşlər Naziri Liz Truss da açıqlamasında Rusiyaya qarşı yeni sanksiyaların elan ediləcəyini açıqlayıb.
ABŞ dövlət katibi Antoni Blinken də Rusiya prezidenti Vladimir Putinin Donetsk və Luqansk qərarı ilə bağlı açıqlama verib. “Kreml tərəfindən qondarma “Donetsk və Luqansk Xalq Respublikalarını” “müstəqil” kimi tanıması çevik və qəti reaksiya tələb edir və biz tərəfdaşlarımızla koordinasiyalı şəkildə müvafiq addımlar atacağıq”, - Blinken bildirib.
Putinin Donetsk-Luqansk qərarından sonra Ağ Evdən verilən açıqlamada bildirilib ki, ABŞ prezidenti Co Baydenin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla telefon danışığı olub. Bildirilib ki, Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə də telefonla danışıb.
O da bildirilib ki, Bayden qondarma Donetsk və Luqanska ticarət qadağası tətbiq edib.
ABŞ və Britaniya Rusiyaya qarşı yeni sanksiyaları bu gün açıqlayacağını bəyan edib .