Ukrayna prezidenti Vladimir Zelenski Almaniyada keçirilən və Ukraynanın şərqindəki hadisələrin müzkirə olunduğu Münhen Təhlükəsizlik Konfransında NATO-nun mövqeyinə sərt reaksiya verib.
“NATO bizə üzvlüklə bağlı aydın cavab verməlidir”, deyən Zelenski bildirib ki, onlar Ukraynanı istədikləri və ya istəmədikləri mövzusunda dürüst olmalıdırlar.
NATO-nun “açıq qapı” siyasətinə toxunan Zelenski, “Açıq qapılar yaxşıdır, amma bizim illərlə bağlı suallara deyil, açıq cavablara ehtiyacımız var. Ukraynanı ianə dilənən kimi qəbul etmək olmaz. Unutmaq olmaz ki, biz Avropanı da qoruyuruq. Ukraynaya düşən bombalar Avropa üçün də təhlükədir” deyib.
Ukraynanın NATO-ya üzv olmaq istəyi ilə bağlı sualları cavablandıran prezident Zelenski “NATO ilə çox fərqli risqlər var. Heç bir razılaşma da yoxdur. Müxtəlif fikirlər var. Ukrayna ilə NATO arasında da məsafə var. Məsafəni azaltmaq üçün nə qədər vaxta ehtiyacımız var bunu da bilək ki, bu faciələrlə üz-üzə qalmayaq. İstədiyimiz tək şey bu zəmanətlərin verilməsidir, məlumat istəyirik. Əslində heç kim heç kimi məcbur etmir. NATO-da olaq da demirik. Biz təhlükəsizlik zəmanətlərinin verilməsini istəyirik”, - deyə o bildirib.
Tahir TAĞIYEV