Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu bildirilən və Virgin adaları bayrağı altında üzən 80 metr uzunluğunda, 20 metr enində olan “Graceful” adlı lüks yaxta lövbər saldığı Hamburq limanını təcili olaraq tərk edib.
“Graceful” adlı yaxtanın Kalininqrad istiqamətində getdiyi bildirilir. Gəminin Hamburq limanını tərk etməsinin dəqiq səbəbi bəlli deyil, lakin yaxtanın Almaniya sularından Kalininqrada istiqamət görürməsi Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə Qərbin sanksiya hədəsi ilə eyni vaxtda baş verib. Qeyd edilir ki, lüks yaxta mümkün sanksiyalardan qaçmaq üçün limanı tələsik tərk edib. Almaniya mətbuatı mümkün sanksiyalar tətbiq ediləcəyi təqdirdə Putinin Avropadakı aktivlərinin dondurulma ehtimalının olduğunu yazır.
“Boat International” xəbər verir ki, “Graceful” keçən il eyvan və üzgüçülük platformasının genişləndirilməsi üçün Hamburqa gəlib. Lakin yaxta təmir yekunlaşmadan limanı tərk edib.
Lüks superyaxtanın ən azı 100 milyon dollar dəyərində olduğu bildirilir. Yaxta Almaniyanın Blohm+Voss gəmiqayırma şirkəti tərəfindən tikilib və 2014-cü ildə istifadəyə verilib. “H2 Yacht Design” tərəfindən dizayn edilmiş “Graceful” üç göyərtəli super yaxta kimi təsnif edilir.
Heyrətamiz, nəfis tərtibatlı interyerləri, spiral pilləkənləri və üzgüçülük hovuzu ilə diqqət çəkən lüks yaxta 80 metr uzunluğundadır və helikopter meydançası, idman zalı, spa, kitabxana və rəqs meydançası ilə təchiz edilib. Putinin iş otağında isə çoxlu sayda kitab rəfləri olan masa və yelkənli qayığın gözoxşayan rəsmləri var.
Gəmi 12 qonaq və 14 ekipajı qəbul etmək üçün nəzərdə tutulub.
H2-nin qurucusu Horsfield 2015-ci ildə Boat International-a deyib ki, “Graceful” bənzərsiz bir yaxta olmalıdır. O, Putinin adını çəkmədən "sahibi çox özünə güvənən adamdır" deyib: "O, nəyi sevdiyini bilir".
Rusiya prezidentinin sərvəti məlum deyil, lakin 200 milyard dollar, hətta daha çox olduğu ehtimal edilir. Keçən il sızan bəzi sənədlərdə Putinin xaricdə gizli sərvətinin olduğunu göstərilirdi.
Tahir TAĞIYEV