Rusiyanın Ukraynaya hücum təhlükəsi ilə əlaqədar aralarında Böyük Britaniya, ABŞ və Almaniyanın da olduğu 10-dan çox ölkə öz vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb.
Hətta ABŞ-ın Kiyevdəki səfirliyini boşaltdığı, işçiləri ölkənin qərbinə, Lvov şəhərinə təxliyə etdiyi barədə xəbərlər yayılıb. ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyat təhdidinin ABŞ-ın Kiyevdəki səfirliyini boşaltması üçün “qaçılmaz” və haqlı səbəb olduğunu deyib.
ABŞ-ın ardından Kanada və Avstraliya da səfirliklərini Kiyevdən təxliyə etməyə başlayıb. Hər üç ölkə səfirliklərini Polşa sərhədinə yaxın olan Lvov şəhərinə keçirib. Böyük Britaniya səfiri isə kiçik bir heyətlə Ukrayna paytaxtında qalacağını bildirib.
Bundan başqa, Ukraynada xidmət edən 160 amerikalı əsgər də bu ölkədən çıxarılıb. ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanı tərk edən 160 əsgərin Avropanın başqa yerlərində yerləşdiriləcəyini deyib.
Tahir TAĞIYEV