Qərb mətbuatında “Rusiyanın Ukraynaya hücumu an məsələsidir” xəbərləri geniş yayılmağa başlayıb.
Almaniyanın "Der Spiegel" jurnalı Rusiyanın Ukraynaya hücumunun çərşənbə günü, fevralın 16-da başlayacağını yazıb. Xəbərdə "Baydenə verilən MKİ brifinqlərinə" istinad edilir.
Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Sullivan isə, Rusiyanın Ukraynanı işğal etmək üçün kifayət qədər güc topladığını, ölkənin böyük bis hissəsini əhatə edəcək bir işğal əməliyyatına "hər an başlaya biləcəyini" deyib. Sullivan bildirib ki, Rusiya Pekin Olimpiadası bitməmiş, yəni fevralın 20-dən əvvəl hücuma keçəcək.
Sullivan cümə günü xəbərdarlıq edib ki, Ukraynadakı amerikalılar maksimum 24-48 saat ərzində ölkəni tərk etməlidirlər. O, Rusiyanın hücuma havadan bombardman və ya raket hücumu ilə başlayacağı ehtimalı olduğunu və bunun da ölkədən çıxışı çətinləşdirə biləcəyini deyib: “ABŞ kəşfiyyatı onlarda olan məlumatlara əsasən hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Pekində Qış Olimpiya Oyunları bitməmiş, yəni fevralın 20-dən əvvəl işğala başlaya bilər. Ukraynanın paytaxtı Kiyevə sürətli bir hücum da mümkündür".
Bütün bunlarla yanaşı bir çox ölkə diplomatlarını Ukraynadan çıxarır, vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırır. Hətta Hollandiya işğal təhlükəsi ilə əlaqədar Ukraynaya uçuşları dayandırdığını bəyan edib.
TAHİR