Rusiya Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə 50 min insan ölə, 5 milyon insan isə qaçqın vəziyyətinə düşə bilər. ABŞ kəşfiyyat rəsmiləri Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı mümkün ən pis mənzərəni belə təsvir ediblər.
“New York Times” qəzeti yazır ki, ABŞ hərbi və kəşfiyyat rəsmiləri Konqresə və avropalı tərəfdaşlarına Ukrayna-Rusiya böhranı haqqında məlumat veriblər.
Bayden administrasiyasının yüksək vəzifəli rəsmiləri bildiriblər ki, Rusiya ordusu Ukraynaya tam müdaxilə üçün lazım olan qüvvələrin 70 faizini hazır vəziyyətə gətirib.
Nümayəndələr Palatasının və Senatın üzvləri ilə altı saatlıq qapalı görüşlərdə rəsmilər xəbərdarlıq etdilər ki, Putin ən aqressiv variantı seçərsə, paytaxt Kiyevi tez bir zamanda mühasirəyə və ya ələ keçirilə, Zelenski hakimiyyətdən uzaqlaşdırıla bilər. Onlar həmçinin xəbərdarlıq ediblər ki, işğal Avropa qitəsində milyonlarla insanın qaçmasına səbəb olacaq böyük bir qaçqın böhranına yol aça bilər.
Qeyd edilir ki, peyk görüntüləri, Rusiya qüvvələri arasında əlaqə və hərəkətdə olan rus texnikasının görüntüləri göstərir ki, 1945-ci ildən bəri Avropanın quruda ən böyük hərbi əməliyyatını təşkil etmək üçün lazım olan hər şeyi bir araya toplayıb.
Tahir TAĞIYEV