ABŞ Dövlət Departamenti Rusiya ilə Ukrayna arasında gərginliyin artması fonunda Ukraynaya səyahət xəbərdarlığı edib.
Xəbərdarlıqda qeyd edilir ki, 23 yanvar 2022-ci ildə Dövlət Departamenti Rusiyanın davam edən hərbi əməliyyat təhlükəsi səbəbindən ABŞ-ın Kiyevdəki səfirliyində işə götürülən əməkdaşlarına Ukraynanı könüllü olaraq tərk etmələrinə icazə verib və diplomatların ailə üzvlərini tərk etmələri barədə göstəriş verib. ABŞ vətəndaşları kommersiya və ya digər şəxsi nəqliyyat variantlarından istifadə edərək Ukraynadan ayrılmalıdır.
Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyat planlaşdırdığına dair xəbərlərin olduğuna diqqət çəkən açıqlamada deyilir ki, xüsusən Ukrayna sərhədləri boyunca, Rusiyanın işğalı altında olan Krımda və Rusiyanın nəzarətində olan şərqi Ukraynada təhlükəsizlik şərtləri gözlənilmədən və hər an pisləşə bilər.
Açıqlamada, mümkün hərbi əməliyyatda ABŞ-ın Ukraynadakı diplomatik fəaliyyətlərinin də təsirlənəcəyi bildirilib və Ukraynadakı ABŞ vətəndaşlarından da ünsiyyət üçün onlayn forma doldurmaları istənilib.
ABŞ-dan sonra Böyük Britaniya da Rusiyanın mümkün hücumuna görə Kiyev səfirliyindəki diplomatlarına və ailələrinə Ukraynanı tərk etmək təlimatı verib.
Ukrayna Xarici İşlər Nazirliyi isə diplomatların ailə üzvlərinə Ukraynanı tərk etmək təlimatını “vaxtından əvvəl” və “həddindən artıq ehtiyatlılığın əlaməti” kimi qiymətləndirib.
TAHİR