Müxalifətlə daim təmasda olan və baş nazir Nikol Paşinyanla gərginlik yaşayan prezident Sarkisyan təzyiqlərə görə istefa verdiyini açıqlayıb. Sarkisyan istefasını daxili və xarici siyasətdə aktiv rol almaq üçün kifayət qədər alətə malik olmaması ilə əsaslandırıb.
Prezident kimi daxili və xarici problemləri həll etmək üçün konstitusiya səlahiyyətinə malik olmadığını deyən Sarkisyan bəzi siyasi qrupların onu və ailəsini hədəf aldığını bildirib.
Özünün və ailəsinin “prezidentliyin ölkənin xeyrinə qazandığı uğurları deyil, keçmişi ilə, müxtəlif fərziyyələr və miflərlə maraqlanan” müxtəlif siyasi qruplar tərəfindən hədəfə alındığına diqqət çəkən Sarkisyan, istefa qərarının qətiyyən emosional qərar olmadığını və müəyyən məntiqdən irəli gəldiyini deyib.
“Uzun müddət fikirləşdikdən, təxminən 4 ilə yaxın aktiv işlədikdən sonra prezidentlikdən istefa vermək qərarına gəldim” – deyən Sarkisyan bəyanatının sonunda erməni xalqına, Ermənistan ordusuna, həlak olan erməni əsgərlərin ailələrinə və iş yoldaşlarına təşəkkür edib, lakin Ermənistanın baş naziri Paşinyana və digər siyasətçilərə təşəkkür etməyib.
Qeyd edək ki, Armen Sarkisyan 2018-ci il aprelin 9-da Ermənistan prezidenti seçilib.
TAHİR