Ukrayna-Rusiya gərginliyində yeni pərdə açılır. Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynada rusiyayönlü bir lideri hakimiyyətə gətirməyi planlaşdırdığı barədə məlumat əldə etdiklərini açıqlayıb.
"Rusiya hökumətinin Kiyevdə rusiyayönlü lideri hakimiyyətə gətirmək istədiyini göstərən məlumatlar var. Ukraynalı keçmiş deputat Yevgeni Murayev potensial namizəd kimi görünür" – deyə nazirliyin açıqlamasında bildirilir.
Qeyd edilir ki, Rusiya kəşfiyyatının çox sayda ukraynalı siyasətçi ilə əlaqələri barədə məlumatlar əldə ediblər. 2012-2014-cü illərdə baş nazirin müavini olmuş Sergey Arbuzov, 2010-2012-ci illərdə baş nazirin müavini və keçmiş prezident Viktor Yanukoviç dövründə Baş Qərargah rəisi vəzifələrində çalışmış Andrey Kluyev, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş sədr müavini Vladimir Sivkoviç və 2010-2014-cü illərdə baş nazir vəzifəsində çalışmış Nikolay Azarovun sözügedən siyasətçilər arasında olduğu bildirilir.
Bu şəxslərin bəzilərinin hazırda Ukraynaya hücum planlaşdıran Rusiya kəşfiyyatçıları ilə əlaqəli olduğu iddia edilir.
Britaniya XİN-in yaydığı açıqlamada fikirlərinə yer verilən xarici işlər naziri Liz Truss bildirib ki, bu məlumat Ukraynada sabitliyi pozmaq üçün Rusiyanın fəaliyyətinin miqyasına işıq salır və Kremlin düşüncəsi haqqında təsəvvür yaradır.
Rusiyanın gərginliyi azaltması, təcavüzkarlıq və dezinformasiya kampaniyalarına son qoyması və diplomatiya yolu ilə getməli olduğunu qeyd edən Truss, Rusiyanın Ukraynaya hər hansı bir hərbi hücumunun ciddi nəticələrə gətirəcək böyük strateji səhv olacağını deyib.
"Böyük Britaniyanın Ukrayna ilə bağlı mövqeyi aydındır. Biz Krım da daxil olmaqla beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onun suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik. Ukrayna müstəqil, suveren bir ölkədir" – açıqlamada deyilir.
Tahir TAĞIYEV