Qazaxıstan prezidenti Tokayev ölkədə baş verənləri xarici müdaxilə kimi qiymətləndirdiyini, buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinə kömək üçün müraciət etdiyini açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, Tokayev ölkə daxilində zorakılıq hadisələri törədən etirazçıları "beynəlxalq terror dəstələri" kimi xarakterizə edib.
"Onlar xaricdə ciddi təlim keçiblər. Onların Qazaxıstana hücumu xarici müdaxilə kimi qiymətləndirilə bilər və edilməlidir.
Bu kontekstdə Kollektiv Təhlükəsizlik Sazişinə əsaslanaraq, bu gün terror təhlükəsinin aradan qaldırılmasında Qazaxıstana köməklik göstərilməsi üçün KTMT ölkələrinin rəhbərlərinə müraciət etdim” – Tokayev deyib.
Bunun təhdiddən başqa, dövlətin bütövlüyünü pozmaq cəhdi olduğunu qeyd edən Tokayev KTMT-yə müraciətin tamamilə məqsədəuyğun və vaxtında olduğunu bildirib: "Qazaxıstan xalqının bu qərarı dəstəkləyəcəyini düşünürəm. Biz birlikdə qalib gələcəyik".
Tokayev daha sonra deyib: "Biz bu əsl terrorçuları çox yaxşı tanıyırıq. Onlar indi Almatıda və ölkənin digər şəhərlərində çaşqınlıq yaradırlar. İnfrastruktur obyektlərini, ən əsası isə tüfənglərin olduğu yerləri zəbt edirlər. Hərbi məktəbin kursantları ilə toqquşmalar gedir. Hazırda Almatı yaxınlığında hava-desant qoşunları ilə qarşıdurma gedir”.