Qazaxıstanın qərbindəki Manqistau vilayətində yanacağın bahalaşmasından sonra insanlar küçələrə çıxıb. Baki-xeber.com xəbər verir ki, Almatı şəhəri və Manqistau əyalətində fövqəladə vəziyyət elan edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə bildirib ki, baş nazir Askar Mamin istefa ərizəsini təqdim edib. Tokayev hökumətin əsas vəzifələrdən birinin - inflyasiyanın qarşısının alınmasının yerinə yetirmədiyini vurğulayıb. O, qeyd edib ki, etiraz vəziyyətinin yaranmasında əsas günah hökumət, xüsusən də Energetika Nazirliyi, həmçinin “Kazmunaigaz” və “Kazakqaz” şirkətləri üzərinə düşür.
Daha sonra Qazaxıstan prezidenti ölkə hökumətinin istefasını qəbul edib. Bununla yanaşı, kabinet üzvlərinin yeni hökumət fəaliyyətə başlayana qədər öz vəzifələrini davam etdirmələri qərara alınıb.
Sərəncama əsasən, baş nazirin səlahiyyətləri müvəqqəti olaraq baş nazirin müavini Əlihan Smayılova tapşırılıb.
Qazaxıstan Daxili İşlər Nazirliyi isə nümayişlər zamanı 200 nəfərin saxlandığını açıqlayıb.