İran prezidenti general Süleymaninin ABŞ tərəfindən öldürülməsinin ikinci ildönümü ilə bağlı çıxışında ABŞ-a çağırış edib.
Baki-xeber.com xəbər verir ki, İran prezidenti İbrahim Rəisi deyib ki, ABŞ-ın keçmiş prezidenti Tramp qətlə görə mühakimə olunmalıdır, əks halda Tehran qisas alacaq.
“Donald Tramp və (keçmiş xarici işlər naziri Mayk) Pompeo general Qasım Süleymaniyə sui-qəsdə görə ədalətli məhkəmədə mühakimə olunmasa, müsəlmanlar şəhidimizin qisasını alacaqlar” - Rəisi deyib.
İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri isə dövlət televiziyasına, İranın 74-ü ABŞ vətəndaşı olmaqla 127 şübhəlini müəyyənləşdirdikdən sonra 9 ölkə ilə danışıqlar apardığını deyib. "Günahkar eks-prezident siyahının başındadır" deyə Montazeri əlavə edib.
İran bazar günü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına göndərdiyi məktubda BMT-dən ABŞ və İsraili məsuliyyətə cəlb etməyi xahiş edib.
Qeyd edək ki, İranın “Qüds” qüvvələrinin komandanı Qasım Süleymani ABŞ-ın keçmiş prezidenti Donald Trampın əmri ilə 2020-ci il yanvarın 3-də Bağdadda həyata keçirilən hava hücumu nəticəsində öldürülüb.
Sui-qəsddən bir neçə gün sonra ABŞ Birləşmiş Millətlər Təşkilatına qətlin özünümüdafiə məqsədi daşıdığını bildirib. ABŞ-ın o zamankı baş prokuroru Uilyam Barr isə Trampın açıq şəkildə Süleymanini öldürmək səlahiyyətinə malik olduğunu və generalın “qanuni hərbi hədəf” olduğunu bəyan etmişdi.