Ukrayna sərhədinə 100 minlik ordu toplayıb bölgədəki vəziyyəti daha da gərginləşdirən və NATO-dan istədiyi təhlükəsizlik zəmanətlərinə “təcili” cavab gözləyən Rusiya yeni ilə çox pis xəbərlə başladı.
Baki-xeber.com xəbər verir ki, Finlandiyanın gənc baş naziri Sanna Marin yeni il mesajında bildirib ki, ölkəsi şərq qonşusunu qəzəbləndirmək bahasına NATO-ya üzv olmağa razılaşa bilər.
“NATO üzvlüyünü qəbul etmək fürsətimiz var” deyən Marin qeyd edib ki, Finlandiyanın bu fürsəti seçmək azadlığı olmalıdır: "Keçmişdən dərs aldığımızı göstərdik. Manevr hüququmuzdan istifadə edəcəyik. Finlandiya NATO-ya üzvlük üçün müraciət etmək variantını özündə saxlayır".
Hər bir ölkənin öz təhlükəsizlik siyasətini seçmək hüququna malik olduğunu bildirən Finlandiyanın Baş naziri Helsinki administrasiyasının Avropa ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı intensivləşdirməyə davam edəcəyini bəyan edib.
Bir müddət əvvəl Finlandiya prezidenti Sauli Niinisto da NATO-ya üzvlük məsələsinin müzakirə edildiyini bildirmişdi. Finlandiyanın artıq beynəlxalq alyansla xüsusi tərəfdaşlıq əlaqələri var.
Rusiya Xarici İşlər Nazirliyi isə keçən həftə Finlandiyanın NATO-ya daxil olmasının "Rusiya tərəfinin adekvat cavabını tələb edən ciddi hərbi və siyasi nəticələrin olacağını" bildirib.