Rusiya hələ də Ukrayna sərhədinə hərbi qüvvə toplamaqda davam edir. Baki-xeber.com xəbər verir ki, “Reuters” agentliyi "Maxar" texnologiya şirkəti tərəfindən çəkilmiş peyk görüntülərinə istinadən Rusiyanın Krıma da əlavə hərbi qüvvə topladığını bildirir.
"Maxar" tərəfindən yayılan peyk görüntülərindən görünür ki, Rusiya Krımdakı hərbi bazaya yüzlərlə tank və zirehli texnika yerləşdirib. Oktyabr ayında yayılan görüntülərdə eyni hərbi bazanın yarıya qədər boş olduğu bildirilirdi.
Görüntüləri şərh edən “Maxar” peyk şirkəti bildirib ki, burada piyada döyüş maşınları, tanklar, artilleriya və hava hücumundan müdafiə sistemlərini daşıyan motorlu hərbi maşınlar yerləşdirilib.
"Maxar" həmçinin son bir ay ərzində əldə edilən görüntülərə görə, Krımdan başqa, Ukrayna ilə sərhəddə rus qoşunlarının sayının əhəmiyyətli dərəcədə artdığını açıqlayıb. "Maxar" Krımda üç, Rusiyanın qərbində isə beş bölgədə hərbi fəallığın artdığını bildirib.
Qeyd edək ki, ABŞ, Ukrayna və Avropa ölkələri Rusiyanı oktyabr ayından etibarən Ukrayna sərhədi yaxınlığında hərbi qüvvə yığmaqda və regionda gərginliyi artırmaqda ittiham edir.
Qərb ölkələrini sərhədlərinə yaxın ərazilərdə "təxribat xarakterli hərbi təlimlər" keçirməkdə ittiham edən Moskva isə bildirib ki, öz əsgərlərini sərhədləri daxilində lazım bildiyi istənilən bölgədə istədiyi kimi yerləşdirə bilər.